MƏDƏNİYYƏT


“Sönməz Məşəl” İctimai Birliyi BMT-nin İqtisadi və Sosial Şurasına üzv qəbul edilib

Bakı, 12 avqust, AZƏRTAC

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi məşvərətçi statusla BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv qəbul edilib.

İctimai birliyin sədri Şəhla Nağıyeva bu barədə AZƏRTAC-a məlumat verərək bildirib ki, belə bir quruma üzv olmaq mədəniyyətimizin təbliği sahəsində “Sönməz Məşəl”in uzun illərdən bəri göstərdiyi fəaliyyətə verilən yüksək qiymətdir.

Qeyd edək ki, BMT-nin ECOSOC kimi tanınan İqtisadi və Sosial Şurası beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirə olunduğu mərkəzi forumdur. Hazırda dünyanın 1600-dən çox qeyri-hökumət təşkilatı həmin qurumun işində məşvərətçi səslə iştirak edir, bütövlükdə BMT-nin fəaliyyətinə yardımçı olur. Belə bir quruma Azərbaycan QHT-lərinin də qoşulması maraqlı və təqdirəlayiqdir.

Ş.Nağıyeva bildirib ki, bu fəaliyyət əslində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin statusuna və missiyasına tamamilə uyğundur. Belə ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan ictimai birliyin əsas missiyası ayrı-ayrı xalqlara məxsus mədəni dəyərlərin qarşılıqlı öyrənilməsi və təbliği vasitəsilə müxtəlif xalqlar və millətlər arasında mədəni əlaqələr yaratmaq və onların qarşılıqlı anlaşmasına yardımçı olmaqdır. İctimai birlik ölkəmizin dünyada gedən qlobal proseslərə qoşulmasına yardımçı olmağa, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada təbliğ edilməsinə xüsusi diqqət ayırır.

İndiyədək ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan, Lüksemburq, Birləşmiş Ərəb Əmirliyi, Polşa və başqa ölkələrdə Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgilərin təşkili məhz bu məqsədə xidmət edib. Nəzərə alsaq ki, bütün bu sərgi və təqdimatların əsas mövzusu Qarabağ, Qarabağ həqiqətlərinin yayılması olub, onda ictimai birliyin fəaliyyətinin masştabını daha aydın təsəvvür etmək olar.

“Sönməz Məşəl” İctimai Birliyinin BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-nun dəstəyi ilə həyata keçirdiyi layihələr də Azərbaycan mədəniyyətinin və ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılması məqsədinə xidmət edib. Söhbət gənc qadın yazarların əsərlərinin ingilis dilinə tərcüməsindən və nəşrindən, habelə beynəlxalq jurnallarda dərc edilməsindən gedir.

Ş.Nağıyeva deyib: “Belə qlobal istiqamətlərdə fəaliyyətmizin BMT-nin həyata keçirdiyi missiyaya uyğunluğunu nəzərə alaraq, bu quruma üzv olmaq, əlaqələrimizi daha da genişləndirmək qərarına gəldik. BMT ilə uzunmüddətli yazışmalar, görülən işlər barədə təqdim etdiyimiz sənədlər, eləcə də həmin qurumun çoxsaylı suallarına veridiyimiz cavablar sonda ECOSOC-a üzv qəbul olunmağımıza gətirib çıxardı. Ümid edirik ki, bundan sonra daha böyük və qlobal layihələrə qoşula biləcək, Azərbaycan həqiqətlərinin daha geniş arenada yayılmasına nail olmağa çalışacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.