MƏDƏNİYYƏT
“Sönməz ədəbiyyat günəşi” adlı tədbir təşkil olunub
Bakı, 17 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Sönməz ədəbiyyat günəşi” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Xətai rayon MKS-nin əməkdaşı Gülzadə Quliyeva “Nizami Gəncəvi İli”ndə keçirilmiş çoxsaylı tədbirlərdən söz açıb.
“Green Start Academy”nin direktoru, pedaqoq Aysel Rəsulzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin tərbiyəvi əhəmiyyətindən danışıb.
AYB-nin üzvü, şair-publisist Yusif Ərəbsoy bildirib ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülür.
Sonra Cəbrayıl rayon K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin müəllimi Səidə Quliyeva tədris ocağında “Nizami Gəncəvi İli” ilə əlaqədar silsilə tədbirlərin keçirdiyini vurğulayıb.
Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova çıxış edərək tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib və Suraxanı rayon Hövsan qəsəbəsi Elçin Qənizadə adına 270 nömrəli tam orta məktəbin şagirdi Fatimə Pənahovaya Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsində fəal iştirakına görə fəxri fərman təqdim edib.
Tədbirdə məktəblilər Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları kompozisiyanı nümayiş etdiriblər.