CƏMİYYƏT
“Sonrakı peşmançılıq” olmasın deyə…

Bakı, 8 iyun, AZƏRTAC
Həkimləri əbəs yerə xilaskar adlandırmırlar. Xəstələr həmişə çarəni onların əlində axtarırlar. Hippokrat andı içən şərəfli peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün gecə-gündüz onların başı üstünü kəsdirir, çarpayısının yanından ayaq çəkmədən işıqla zülmət, yaşamla ölüm arasında çırpınan xəstələri həyata qaytarmaq üçün çalışırlar. Ağxalatlı peşə sahibləri yuxusuz gecələri, bilik, bacarıq və təcrübələri hesabına neçə-neçə ömrü yarıda qırılmağa qoymurlar. Onların peşəsinin müqəddəsliyi də elə bundadır.
Amma nə edəsən ki, bəzən bu müqəddəs peşənin də şərəfini ucuz tutan, içdiyi Hippokrat andına dönük çıxan, ona üz tutan xəstələrin sağlamlığı ilə alver edənlər də olur... Belələrinə həkim, xilaskar deməyə adamın dili də gəlmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakının 2 nömrəli Tibb Kollecinin müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının sədri Gülər Quluzadə bəzi insanların səhhətində yaranan problemlərin həlli üçün İrana getmələrinə münasibət bildirərək deyib.
O bildirib ki, şəfa tapmaq ümidi ilə qonşu İrana üz tutan, oranın səhiyyə müəssisələrinin qapısını döyənlər çox vaxt peşman olurlar: “Azərbaycandan qonşu ölkəyə üz tutanların xəstəlikləri xüsusi olaraq araşdırılmır, onlara diqqətlə yanaşılmır. Bəzi hallarda isə yanlış müalicə nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşır və hətta digər xəstəliklərə də mübtəla olurlar. Bəzən onların ağrısının kəsilməsi üçün narkotik tərkibli preparatlar verilir. Kökdən əsaslı şəkildə müalicə olunmayan xəstəlik isə yenidən və daha ağır şəkildə geri qayıdır, əksər hallarda ölümlə nəticələnir.
Məsələnin acınacaqlı və siyasiləşmiş tərəfi ondan ibarətdir ki, yaxınlarının sağalması üçün bütün maddi imkanlarını ortaya qoyan ailələr bəzən prosesdən müflis və ya borclu şəkildə çıxırlar. Bundan sonra səhiyyəsi kriminallaşmış cənub qonşumuz insanlara dəyən daha ağır ziyanları ödəmir. Belə ki, müflis olan vətəndaş borcu ödəyə bilmədikdə girov kimi saxlanılır və bəzi hallarda İranın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilir.
Bu, bir faktdır ki, ötən əsrin 70-ci illərinin axırlarında İranda baş verən inqilabdan sonra bu ölkənin səhiyyəsi böyük elmi araşdırmalardan kənarda qalıb. İranda təbabətin, bir sıra həkimlərin sadəcə fırıldaqçılıqla məşğul olduğunu söyləməyə əsas verən səbəblər var. Hazırda isə İran səhiyyəsi artıq ciddi şəkildə siyasiləşib və qonşu ölkələrə, o cümlədən Azərbaycana qarşı səhiyyə terroru ilə məşğuldur. İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində ölkəyə tibbi və kimyəvi maddələrin idxalına qadağa qoyulub, bu isə İranda istehsal edilən dərman preparatlarının keyfiyyətini şübhə altına almaq üçün ciddi əsas verir. Ölkənin səhiyyə sistemində ötən əsrin 90-cı illərinin cihaz və avadanlıqları istifadə olunur. Məhz bu səbəbdən 90-cı illərdə İranın Azərbaycanda bir neçə səhiyyə müəssisəsi açmaq müraciətinə rədd cavabı verilib, çünki həmin müəssisələrdə İran istehsalı olan dərmanların istifadəsi, habelə satışı nəzərdə tutulurdu”.
Müsahibimiz daha sonra deyib: “Son qırx ildə savadlı mütəxəssislər İranı sürətlə tərk edir. Onlar tətbiq edilən sanksiyalara görə peşəkar fəaliyyət göstərə bilmədiklərini əsas gətirirlər. Bu məsələ həm də səhiyyə sistemindəki işbazlara geniş meydan verib. Onlar İran səhiyyəsinin yüksək səviyyədə olduğu və ən yaxşı xidmət göstərdiyi barədə təbliğat aparırlar. Təəssüf ki, həmin təbliğat prosesi Azərbaycandan da yan keçməyib. Azərbaycan səhiyyəsinin maddi-texnikli bazası İrandan xeyli yüksəkdir. “Molla rejimi”nin qaydaları ilə yaşayan ölkənin tibb avadanlıqları və tibb sənayesində xeyli gerilik var.
İran səhiyyəsi ilə əlaqədar daha bir məsələ gündəmdədir. Bu gün Azərbaycandan İrana müalicə üçün gedənlərə dair dəqiq statistika yoxdur. Lakin aidiyyəti dövlət qurumları bu sahədə iş aparırlar. Hətta İranın yeni və qaranlıq səhiyyə turizmi məsələsinə də ciddi şəkildə aydınlıq gətiriləcəyinə inam böyükdür. Araz çayının cənubunda yerləşən ölkədə insan oğurluğu, təhdid və casusluğa təhriketmə və sağlamlığa bilərəkdən vurulan zərbə kifayət qədər çoxdur. Bu sahədə “səhiyyə turizmi” də münbit şərait yaradır. Şəfa tapmaq arzusu ilə qonşu ölkənin tibb ocaqlarına üz tutanlar özlərini daha ağır və sağalmaz xəstəliyin girdabına salmaqdansa, Azərbaycanda ən müasir səhiyyə mərkəzlərində peşəkar və ixtisaslı tibbi yardım almağa üstünlük versələr daha doğru olar. Sağlamlıq ardınca İrana gedənlərin həm maddi cəhətdən itki ilə üzləşir, həm də yanlış müalicə nəticəsində başqa xəstəliklər də “qazanırlar”. Regionda ən müasir, ən böyük və ən son tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə müəssisələri Azərbaycanda olduğu halda səhiyyəsi ötən əsrin avadanlıqları ilə işləyən qonşu ölkəyə üz tutmağın nə mənası var? Bu gün ölkəmiz dünya səhiyyəsinin son yenilikləri ilə ayaqlaşır, həkimlərimiz müxtəlif beynəlxalq konfrans, konqres və tibbi tədbirlərdə müntəzəm olaraq iştirak edir və tibdə tətbiq olunan ən son müalicə üsullarına yiyələnirlər. Azərbaycanda ən mürəkkəb transplantasiya əməliyyatları aparılır, nəinki paytaxtda, regionlarda müasir startlara cavab verən səhiyyə müəssisələri fəaliyyət göstərir. Belə şəraitdə yerli həkimlərin şəfalı əlləri ilə sağalmaq, həyata qayıtmaq mümkün olduğu halda, “molla rejiminin” fırıldaqçı həkimlərinin əlində alətə çevrilməyə dəyərmi?”. “Sonrakı peşmançılıq”dansa, bu gün ən doğru olanını etmək daha yaxşıdır…”.