CƏMİYYƏT


“Sonuncu dalan” kompüter oyunu ictimaiyyətə təqdim edilib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Bakıda Gənclər və İdman Nazirliyinin və “Azdimension“ şirkətinin birgə təşkilatçılığı ilə “Sonuncu dalan” kompüter oyununun təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə oyundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev oyunun əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, paytaxtımızın təbliği baxımından “Sonuncu dalan”ın rolu böyükdür. Artıq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir neçə kompüter oyunu təqdim olunub. Oyunun yaradıcıları gənclərdən ibarət peşəkar bir komandadır. Sevindirici haldır ki, ölkəmizdə belə kreativ düşüncəli və bacarıqlı gənclər var”.

Ölkəmizdə milli kompüter oyunları çempionatının təşkil edildiyini diqqətə çatdıran nazir müavini respublikamızda bu sahəyə böyük marağın olduğunu, daha əvvəllər Qarabağ mövzusunda oyunların istifadəyə verildiyini və gənclər üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını vurğulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkə gənclərinin səmərəli işlərlə məşğul olduğunu deyib. Diqqətə çatdırıb ki, artıq dünyada kompüter oyunlarına yaş məhdudiyyəti aradan qaldırılıb. Bütün yaş kateqoriyalarını əhatə edən oyunlar mövcuddur. Ölkə gənclərinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, gənclərimiz öz işlərinə yüksək peşəkarlıqla yanaşır və xalqımız üçün faydalı işlər görürlər.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Sonuncu dalan” oyununun beynəlxalq standartlara tam cavab verdiyini və keyfiyyətli qrafika ilə hazırladığını bildirib. Vurğulayıb ki, milli oyunların yaradılması sahəsində artıq ölkəmiz müxtəlif uğurlara imza atıb. Milli oyunlarımız yerli və beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraq doğurur. Artıq bəzi oyunlarımızın alıcıları da var.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov Bakının dünyaya təbliği istiqamətində oyunun əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bakı hər bir azərbaycanlının ürəyində özünəməxsus yerə malikdir. Paytaxtımız təkcə yerli sakinlərin deyil, həm də əcnəbilərin zövqünü oxşayır. Bütün bu gözəlliklərin, İçərişəhərin tarixinin və arxitekturasının oyunda yer alması əcnəbilər üçün paytaxtımızla tanış olmaq baxımından gözəl imkan yaradır”.

Oyunun ideya müəllifi Fərid Haqverdiyev bildirib ki, “Sonuncu dalan” oyunu Azərbaycanın paytaxtı Bakıda, əsasən də İçərişəhər ərazisində cərəyan edir. Oyunun baş qəhrəmanı olan alim müqəddəs “Avesta”da yazılanlara istinadən bir missiyasının olduğunu anlayır. Bu məqsədlə o, simvolları çözməli, İçərişəhər küçələrində gizlədilmiş artefatkları tapmalıdır. Bu yolda o, obrazları qədim əfsanə və əsatirlərdən, habelə Azərbaycan mifologiyasından və nağıllarından qaynaqlanan şər qüvvələrlə mübarizə aparmalıdır. Oyunda sevgi və mərhəmət mövzularına da toxunulub. Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, habelə Xəzər dənizi sularına qərq olmuş Səbail qalasında cərəyan edən oyunda soyuq silahla yanaşı, müasir odlu silahlar və qədim dövrə aid olan silahlar baş qəhrəmanın ixtiyarındadır.

Qeyd edək ki, oyunun demo versiyası 2015-ci ildə Almaniyada Beynəlxalq Kompüter Oyunları sərgisində 300 oyun arasında dördüncü olub. Layihənin məqsədi kompüter oyunları vasitəsilə gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompüter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.