CƏMİYYƏT


Sooronbay Jeenbekov: Türkdilli dövlətlər arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir

Bişkek, 10 oktyabr, АZƏRTAC

Qırğızıstan dövlətinin başçısı Sooronbay Jeenbekov Türk Akademiyasının prezidenti Darxan Kadırali ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Qırğızıstanla Türk Akademiyası arasında təhsil, elmi tədqiqatlar sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Sooronbay Jeenbekov Türk Akademiyasının xətti ilə ötən il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsi və “Manas” eposunun populyarlaşması istiqamətindəki fəaliyyətinə görə Türk Akademiyasının prezidentinə minnətdarlıq edib. Dövlət başçısı deyib ki, akademiya türk dünyasının böyük şəxsiyyətləri, həmçinin türk dünyasının tarixi və mədəniyyəti ilə bağlı beynəlxalq konfrans, forum və seminarların keçirilməsi istiqamətində də fəal iş aparır. Sooronbay Jeenbekov vurğulayıb ki, türkdilli dövlətlər arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradır.

Dövlət başçısı ümid etdiyini bildirib ki, bu ilin noyabrında Qırğızıstanda Yusif Balasaqunlunun 950 illiyi ilə bağlı konfrans yüksək səviyyədə keçəcək.

Darxan Kadırali Türk Akademiyasının fəaliyyəti haqqında ətraflı məlumat verib, yaxın perspektivdə qurumun xətti ilə həyata keçiriləcək layihələrdən danışıb. Türk Akademiyasının prezidenti türk tarixi və mədəniyyətinin daha dərindən öyrədilməsi və populyarlaşdırılması istiqamətində Qırğızıstanın təhsil və elm təşkilatları ilə daha geniş əlaqələr qurmağa hazır olduğunu bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.