REGİONLAR
Şoran və quraq torpaqların bəzəyi - Kür qırağında yulğun ağacları çiçək açıb FOTO VİDEO
Ağstafa, 31 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Adı “Qırmızı kitab”a düşən yulğun kolu ölkəmizdə ən çox Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Ağstafa rayonunda da Kürətrafı ərazilərdə bu ağac növü son illərdə geniş yayılıb.
AZƏRTAC xəbər verir ki, qərb bölgəsində hazırda yulğunlar çiçək açıb. Bu bitki may ayında çiçək açır və ilboyu yaşıl qalır. Elmi adı “tamariks” olan yulğun kolunun dünyada 80-dən çox növü mövcuddur ki, bunun da 10-a yaxını Qafqazda, əsasən Gürcüstan və Azərbaycan ərazisində bitir. Bu səhra və yarımsəhra bitkisi quraqlığa və şoranlığa davamlıdır. Yulğun torpağın münbit olmağına olduqca müsbət təsir göstərir.
Ağstafa Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Çingiz Məmmədov bildirib ki, yulğun əsasən şoranlaşmış və quraq torpaqlarda əmələ gəlir. “Quraqlığa dözümlüdür. Təbiətdə yaşıllığın artırılmasında əhəmiyyəti var. Bəzi quşların artmasında da bu kolların xüsusi rolu olur. Məsələn, qırqovul yulğun kollarında yuva qurur, bala qoyur, nəsil artırır. Havanı təmizləyir, oksigenlə zənginləşdirir, həmçinin insanlar üçün də müalicəvi əhəmiyyəti var. Ağciyər xəstəliyinin müalicəsində onun tüstüsündən istifadə olunur”, - deyə Ç.Məmmədov əlavə edib.
Yulğun kolları həm toxum vasitəsilə, həm də tinglərlə becərilərək çoxaldılır. Bir vaxtlar insanlar tərəfindən ən çox kəsilən ağac idi. Yol kənarında görüb ehtiyacları üçün kəsib aparırdılar. Amma insanlar bilməlidirlər ki, bu ağacı kəsmək qadağandır. Yulğunun laksa növü “Qırmızı kitab”a düşüb.
Çingiz Məmmədov: “Yulğun “Qırmızı kitab”a düşdüyünə görə onu kəsmək qadağandır. Biz də sakinlərlə, fermerlərlə görüşəndə bu ağacların kəsilməməsi üçün onlarla maarifləndirici söhbətlər aparırıq”.
Yulğun ilin dörd fəslində yaşıllığını qoruyub saxlaya bilir. Məhz bu növ kəsildikdə cərimələrin əmsalı da artır. Belə ki, 4 santimetrə qədər olan adi yulğun kolu məhv edilərsə, cəriməsi 80 manatdır. “Qırmızı kitab”a düşən “laksa” növü kəsilərsə, o zaman cərimə 25 əmsala vurulur. Ümumiyyətlə, yulğunun kəsilməsinə görə fiziki şəxslər 2 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimələnir. Bu məbləğin üzərinə dəymiş ziyan da gəlir. Avtomobil yollarının kənarında və dəmir yolu zolaqlarında kəsilən yulğunlar üçün tətbiq olunan cərimə isə daha ağırdır.