MƏDƏNİYYƏT
Sorbonna Universitetində Avropa və Şərqin musiqi ənənələri ahənglə bir araya gətirilib
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarova üçün Sorbonnna Universitetinin səhnəsi heç də yad deyil. O, Azərbaycanın tanınmış tarzəni Sahib Paşazadə ilə birgə yaradıcılıq tandemində “Klassik üslubda ənənələr” (Les Traditions en mode classique) adlı konsert proqramı ilə çıxış edib. Azərbaycanlı sənətçilərin uğurlu dueti 200-dən artıq parisli musiqisevərləri valeh edib. Konsert iyunun 8-də Sorbon Universitetinin ən görkəmli tələbəsi və daha sonra direktoru olan Kardinal Reşelye adına tarixi Amfiteatrda baş tutub.
Konsert Səidə Zülfüqarovanın irəli sürdüyü təşəbbüs əsasında Sorbonnna Universitetinin Mədəniyyət Xidməti, Azərbaycanın Fransadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyi tərəfindən birgə əməkdaşlıq şəraitində təşkil edilib.
Konsertin rəsmi hissəsində Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin rəhbəri Mari-Letitia Gourdin, Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev çıxış ediblər. Natiqlər Azərbaycanın zəngin mədəniyyəti olan bir ölkə kimi həm regional, həm də beynəlxalq aləmdə mühüm yer tutmasından bəhs ediblər. Bildirilib ki, Azərbaycan Avropa Şurası kimi bir çox beynəlxalq təşkilatların üzvüdür, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısıdır. Bu ölkə 12-28 iyun tarixlərində “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bakıda anadan olmuş pianoçu Səidə Zülfüqarova musiqi dərslərinə yeddi yaşından başlayıb. O, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan xanım Zülfüqarova Paris IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru olan Səidə Zülfüqarova Fransa Dövlət Diplomuna layiq görülüb.
Konsertdə Zülfüqarova-Paşazadə dueti Astor Piazzollanın nisgilli “Oblivion” əsərini, Jorj Bizenin “Karmen” uvertürasını, Vittorio Montinin “Czardas”, həmçinin Fərhad Bədəlbəylinin “Şuşa” əsərlərini və Ramiz Rzayevin “Çahargah” rapsodiyasını ifa ediblər.