CƏMİYYƏT
Sosial Sığınacaqlarda 59 nəfər reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunur
Bakı, 11 fevral, AZƏRTAC
Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, sığınacağa ehtiyacı olanların yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub. Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar.
Hər iki sığınacağa indiyədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub.
Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunur.
Sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud digər şəxslər onlar barədə 077 641 51 81 nömrəsi ilə və ya nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.