CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyi ahılların Şuşaya səfərini təşkil edib
Bakı, 4 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinlərinin Şuşa şəhərinə səfəri təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Şuşa İli” çərçivəsində keçirilən səfərdə agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, müəssisənin 20-yə yaxın sakini və agentliyin 44 günlük Vətən müharibəsi iştirakçısı olan əməkdaşları iştirak edib.
V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz qısa zamanda torpaqlarımızı işğaldan azad etdikdən sonra bu ərazilərə yenidən həyat qayıdıb. Düşmən tərəfindən dağıdılan yurd-yuvalarımız bərpa olunur, genişmiqyaslı tikinti-quruculuq işləri aparılır.
İştirakçılar Şuşada Yuxarı Gövhər Ağa Məscidini, Bülbül və Üzeyir Hacıbəylinin ev muzeylərini, Vaqifin məqbərəsini ziyarət ediblər. Eləcə də Cıdır düzündə gəzinti və tarixi Şuşa qalası ilə tanışlıq ahıllarda unudulmaz təəssüratlar yaradıb.
İştirakçılar Şuşanın tarixi-mədəni irsi ilə, eyni zamanda, görülən quruculuq və bərpa işləri ilə tanış olublar.
Səfər iştirakçıları torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsini ehtiramla yad ediblər, müharibədə yaralanan hərbçilərimizə şəfa diləyiblər. Ekskursiya rəngarəng görüntülərlə yadda qalıb.