CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyi tərəfindən 4742 vətəndaşa evdə sosial-məişət xidməti göstərilir
Bakı, 20 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Gəncədə tənha yaşayan ahıl şəxs Durna Talıbovanı ziyarət edib.
Agentliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Durna Qaraş qızı Talıbova 1945-ci il noyabrın 24-də dünyaya gəlib. Onun bir övladı - Oqtay Məcid oğlu Qaytaranov Qarabağ müharibəsində şəhid olub. Ahıl qadının həyat yoldaşı vəfat edəndən sonra tənha qalıb. Yetmiş yeddi yaşlı qadına Sosial Xidmətlər Agentliyinin sosial xidmətçisi tərəfindən həftədə iki dəfə evdə səyyar məişət xidməti göstərilir.
Agentliyin sədri ahıl qadının mövcud vəziyyəti ilə maraqlanıb, onun sosial məişət şəraitinin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb.
Görüşdə bildirilib ki, bütün yaş kateqoriyasından olan və sosial xidmətə ehtiyac duyan hər kəs Agentlik tərəfindən müvafiq xidmətlərlə təmin edilir. Bu gün ölkəmizdə hər bir yaşlı, ahıl şəxs dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 4742 vətəndaşa evdə sosial-məişət xidməti göstərilir. Onlardan 4190-ı ahıllardır.
Bununla yanaşı, ahıl şəxslərin sosial xidmətlərlə təminatı da həyata keçirilir. Hazırda Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bu qəbildən olan 190 nəfər yaşayır. Son illərdə həmin sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisənin sakinlərinin hər birinə fərdi yanaşılır və onlar burada xüsusi qayğı ilə əhatə olunurlar.