CƏMİYYƏT
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə xüsusi qayğıya ehtiyac duyan, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstəkyönümlü layihələr müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas kateqoriyalardan olan uşaqların reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunması sahəsində gördüyü işləri diqqətə çatdırıb. Bu sahədə ixtisaslaşmış QHT-lərlə fəal əməkdaşlıq təcrübəsinin olduğunu, QHT-lərin xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı layihələrinə dəstək verildiyini qeyd edib.
Ümumilikdə 18 QHT rəhbəri və nümayəndəsinin qatıldığı görüşdə həmin uşaqlara ehtiyac duyduqları istiqamətdə dəstəyin göstərilməsi üçün birgə fəaliyyətin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, autizmli uşaqlarla işin genişləndirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.