CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində ötən il 561 idmançıya xidmət göstərilib

Hazırda burada 470 idmançı yarışlara hazırlaşır

Bakı, 9 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi əlilliyi müəyyən edilmiş şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il kompleksdə əlilliyi olan 561 idmançıya xidmət göstərilib. Hazırda 470 idmançı burada göstərilən xidmətlərdən yararlanır.

Kompleksdə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Ötən il burada daha iki paralimpiya idman növü - oxatma və tennis üzrə də məşqlərin keçirilməsinə başlanılıb. Paralimpiya İdman Kompleksində hazırda 10-dan çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və digər) üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə daxildir.

"Tokio-2020" Yay Paralimpiya Oyunlarında tarixi qələbələrə imza atan paralimpiyaçılarımızın bir hissəsi də Paralimpiya İdman Kompleksində təlim-məşq prosesi keçib.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.