REGİONLAR
“Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün təsərrüfatlar yaradılır VİDEO
Quba, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Özünüməşğulluq proqramına dəstək olan “Sosial bağlar” layihəsi çərçivəsində 41 rayon üzrə 125 ailə üçün təsərrüfatlar yaradılır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan memoranduma əsasən icra olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 23-də nazirlik və ictimai birliyin nümayəndələri Quba və Xaçmaz rayonlarında layihə çərçivəsində yaradılan təsərrüfatlarla tanış olublar.
Bildirilib ki, “Sosial bağlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işləri uğurla davam etdirilir.
Layihə çərçivəsində respublikamızın 41 rayonu (Tərtər, Ağdam, Bərdə, Füzuli, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran, Ağdaş, Kürdəmir, Yevlax, Beyləqan, Ucar, Salyan, Sabirabad, Qobustan, Ağsu, İsmayıllı, Şəmkir, Daşkəsən, Samux, Ağstafa, Qazax və s.) üzrə ailələr üçün təsərrüfatlar yaradılır. O cümlədən Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarında da 17 nəfər üçün layihə çərçivəsində bağ sahələri salınır.
“Sosial bağlar” layihəsi iştirakçılarından 30 nəfər şəhid ailəsi üzvləri, 28 nəfər əlilliyi olanlar, qalanları aztəminatlı ailələrin üzvləridirlər. Layihəyə cəlb edilənlər üçün alma, gilas, qoz, gavalı və s. meyvə bağlarının, tərəvəz və bostanların salınması işləri həyata keçirilməklə, onlara sahələrə aqrotexniki qulluq, suvarma, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, eləcə də digər sahələrdə də dəstək göstəriləcək.
Layihəyə cəlb olunan vətəndaşlar üçün ilk növbədə, müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların aşılanması məqsədilə təlim kursları təşkil edilib. Kursları bitirərək biznes planlarını uğurla müdafiə edən şəxslərin layihə üzrə təsərrüfatlarının yaradılmasına başlanılıb.
Aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən layihə belə ailələrin ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır. Eyni zamanda, layihə üzrə yeni bağçılıq sahələrinin yaradılması qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstəkdir.
Xatırladaq ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində ölkə üzrə 7 minədək ailənin kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılıb. Bunun üçün işsizlikdən sığorta fondunun 2018-ci il üzrə büdcəsindən 35,8 milyon manatın ayrılması nəzərdə tutulub.