CƏMİYYƏT
Sosial cəhətdən həssas qrupların nümayəndələri üçün yeni imkanlar yaradılır
Bakı, 14 aprel, AZƏRTAC
Ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən biri də ölkənin ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanlar üçün etibarlı sosial müdafiə sisteminin formalaşdırılması, həmin sistemin səmərəliliyinin və qeyd olunan şəxslər üçün əlçatanlığının təmin olunması, onun əhatəliliyinin artırılmasıdır. Bakı şəhərinin Zabrat qəsəbəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksinin yaradılması da bu istiqamətdə növbəti mühüm tədbirlərdən biridir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
Yeni növ sosial müəssisələri barədə danışan E.Babayev deyib: “Qeyd edilən kompleksə Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi, Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq daxildir. Yeni sosial xidmət müəssisələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərəcəklər. Həmin müəssisələr sosial cəhətdən həssas qruplardan olan insanların sosial reabilitasiyası işlərinin daha səmərəli və dolğun şəkildə təşkili, cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması məqsədinə xidmət edir. Müəssisələrin hər birində müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin müasir avadanlıqlarla təchizat işləri aparılıb. Yeni sosial xidmət müəssisələrində ən yüksək standartlar səviyyəsində yaradılan şərait Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial siyasət kursunun sosial cəhətdən həssas qruplardan olan insanların, ümumən yaşından və sosial durumundan asılı olmayaraq hər bir vətəndaşın dövlətin diqqət və qayğısı ilə əhatə olunması məramına xidmət etdiyini göstərir”.
Şöbə müdiri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində sosial xidmət müəssisələrinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” 12 aprel 2017-ci il tarixli, 147 nömrəli Qərarına əsasən bu sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkilinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu müəssisələrinin nizamnamələri müvafiq qaydada təsdiq edildikdən sonra onlar fəaliyyətə başlayacaq.