CƏMİYYƏT
Sosial hüquqların genişləndirilməsi ilə əlaqədar layihə həyata keçirilməyə başlanılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsini həyata keçirməyə başlayıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsi, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkili, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.
Layihənin icra planına uyğun olaraq Bakı şəhərində “Vətəndaşların tibbi yardım almaq hüququnun reallaşdırılması: mövcud vəziyyət və müasir trendlər” mövzusunda ictimai müzakirə keçirilib.
İctimai Birliyin sədri, Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında sosial müdafiəyə ehtiyacı olanlara göstərilmiş hüquqi xidmətlər, ictimai müzakirənin mövzusu olan tibbi yardım almaq hüququnun mahiyyəti və hüququ əsasları, eləcə də gələn ilin yanvarından tətbiq ediləcək icbari tibbi sığortanın mahiyyəti, subyektləri, əhəmiyyəti, həmin sistemin xarici ölkələrdə formalaşmış olan təcrübəsi barəsində geniş məlumat verib. Tədbirdə layihə üzrə hüquqşünaslar Zamiq Aslanov və Aqşin Atalızadə, İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, Bakı Dövlət Universitetinin dosenti Sübhan Əliyev, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova, “Ümman” Əlil Uşaqlara Qayğı İctimai Birliyinin sədri Şükufə Məmmədova icbari tibbi sığortanın tətbiqi və tibbi qanunvericiliyin təkmilləşdirilməsi perspektivləri ilə əlaqədar çıxış ediblər.