İQTİSADİYYAT


Sosial-iqtisadi inkişaf strategiyası sığorta sektoru üçün yeni yol xəritəsi olacaq

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sığorta sektorunun iqtisadiyyatda rolunun artırılması və möhkəmləndirilməsi baxımından yüksək əhəmiyyətə malik sənəddir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.

Onun sözlərinə görə, yeni inkişaf mərhələsində olan sığorta sektoru qəbul edilən bu strategiya ilə müasir çağırışlara adekvat və operativ reaksiya verə biləcək. ASA rəsmisi deyib ki, dünya iqtisadiyyatlarında staqnasiya elementlərinə səbəb olan pandemiya kimi məhrumiyyətlərlə zəngin bir mərhələdən üzü ağ çıxan yerli sığorta bazarının qarşısında ciddi hədəflər var: “Pandemiya kimi ağır mərhələdə yığımlarında artım və ümumilikdə böyümə tendensiyasını qoruyub saxlayan yerli sığorta bazarımız böhran vəziyyətində uğur qazanmağın mümkün ola biləcəyini sübut etdi. Xüsusilə Azərbaycan Mərkəzi Bankı tərəfindən sığorta sektorunda təmin olunan uğurlu və səmərəli nəzarət mexanizmi nəticəsində yerli bazarda 2020-ci ildə 7 faiz, 2021-ci ildə isə 16 faiz böyümə qeydə alınıb. Sığorta iştirakçıları olaraq bizi qarşıda daha böyük hədəflər gözləyir”.

Qeyd edilib ki, strategiya sığorta sektorunun iqtisadiyyatda rolunun artırılması və möhkəmləndirilməsi baxımından mühüm sənəddir və bu, yerli sığorta bazarı üçün yeni yol xəritəsi əhəmiyyəti daşıyır. Sənəddə qeyd olunan hədəf indikatorları və strateji məqsədlər müasir çağırışlara tam adekvatlıq təşkil edir. Dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sisteminin təkmilləşdiriləcəyi və bununla da sığorta bazarının dərinləşdiriləcəyi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası çərçivəsində kreditlərin və investisiyaların sığortalanması mexanizminin yaradılacağı ilə bağlı irəli sürülən strateji tapşırıqlar sığorta sektorunun iqtisadiyyatda aktivliyinin artırılmasına və bununla paralel olaraq sektorun lokal meyillərə yönəlik yeni inkişaf sürəti qazanmasına səbəb olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.