CƏMİYYƏT


“Sosial iş” modelinin tətbiqi ilə əlaqədar sosial xidmət işçiləri üçün növbəti təlimlərə başlanılıb

Bakı, 18 sentyabr, AZƏRTAC 

Ölkəmizdə “Sosial iş” modelinin tətbiqinə hazırlıq işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin “2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramı” çərçivəsində Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda silsilə təlimlərə başlanılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC -a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanda sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi məqsədilə ötən dövrdə aparılan işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə Avropa İttifaqının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avstriya Respublikasının aidiyyəti qurumları tərəfindən birgə icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi bu sahədə mühüm önəm kəsb edib. Həmin layihə çərçivəsində yeni “sosial iş” modelinin yaradılması istiqamətində də bir sıra işlər görülüb.

Bütün dünyada geniş yayılmış “Sosial iş” modeli çətin həyat şəraitinə düşmüş insanlara kömək etməyə istiqamətlənmiş çoxşaxəli və geniş fəaliyyəti özündə ifadə edir. Belə ki, bu fəaliyyət sosial müdafiəyə ehtiyacı olan şəxslərin (əlilliyi olan şəxslərin, ailə mühitindən məhrum olmuş uşaqların, tənha ahılların, aztəminatlı ailələrin və b.) problemlərinin həlli, sosial xidmətlərin onlara daha əlçatan olmasının təmin edilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasının bərpa edilməsi, sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və s. sahələrdə də xidmətlərin göstərilməsini nəzərdə tutur. Bununla əlaqədar “Sosial xidmətin inkişafı” tvinninq layihəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun bir sıra şəhər (rayon) şöbələrinin sosial xidmət əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun “Sosial iş” modeli əsasında təkmilləşdirilməsi üçün bir sıra təlimlər keçirilib. Təlimlərin sonunda isə iştirakçılara sertifikatlar verilib.

Hazırda isə UNICEF-lə əməkdaşlıq müstəvisində bu təlimlərin Bakı şəhəri, Qəbələ və Tovuz rayonları üzrə sosial xidmət işçiləri üçün “Sosial işin əsasları” mövzusunda davam etdirilməsinə başlanılır. Bu təlimlərdə iştirakçılara sosial xidmətlər sahəsində, o cümlədən “Sosial iş” modeli üzrə qabaqcıl beynəlxalq təcrübə öyrədiləcək, onların bilik və bacarıqları artırılacaq.

“Sosial iş” modelinin Dövlət Sosial Müdafiə Fondunun bütün şəhər (rayon) şöbələrində və sosial xidmət müəssisələrində ardıcıl şəkildə tətbiqinin həyata keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.