REGİONLAR
Sosial könüllülər Culfa rayonunda tənha ahılları ziyarət ediblər
Naxçıvan, 25 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər Culfa rayonunda tənha ahılları ziyarət ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, könüllülər rayon ərazisində sosial xidmət göstərilən tənha ahıllara baş çəkib, onlara məişət işlərində kömək göstəriblər.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq, könüllülər tənha ahıllara geyim və ləvazimatlar təqdim edib, zəruri mövsümi avadanlıqlarının quraşdırılmasını təmin ediblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb. Hazırda bu kateqoriyadan olan 300-ə yaxın ahıla evlərində sosial məişət xidməti göstərilir. Sözügedən tədbirlərdə sosial könüllülərin də iştirakı təmin olunur və onların köməyə ehtiyacı olan tənha ahılların evlərinə artıq ənənə halını almış ziyarətləri mütəmadi olaraq davam etdirilir.