CƏMİYYƏT


Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

Bakı, 9 yanvar, AZƏRTAC

Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastrukturunun qurulması işlərinə başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

Ümumilikdə həmin sistem aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət 540 min nəfəri əhatə edəcək.

Qeyd edək ki, əlilliyi olan şəxslər (pensiya hüququ olmayan), sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, ailə başçısını itirənlər (pensiya hüququ olmayan), müharibə veteranları, müharibə əlillərinin, şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları və başqaları aylıq sosial müavinət alırlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər, uşağın doğulmasına görə ailələr və s. birdəfəlik müavinətlə təmin olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.