CƏMİYYƏT


Sosial müdafiəyə ehtiyacı olan şəxslər: hamı ilə bir yerdə, qayğı və diqqət əhatəsində…

Bakı, 8 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və DOST İnklüziv Yaradıcılıq və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Sosial müdafiəyə ehtiyacı olan şəxslər cəmiyyətin bir üzvüdür” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan şəxslərin hüquqlarının müdafiəsi, onların tələbatlarının ödənilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial dəstək tədbirlərindən bəhs edilib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentliyin fəaliyyət istiqamətlərindən bəs edərək, kvota üzrə işlə təminatın hər zaman diqqətdə saxlanıldığını, həssas qrupdan olan vətəndaşlara dəstəyin prioritet məsələlərdən olduğunu qeyd edib. O, son illər xüsusi kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin əhatəsinin genişləndiyini və bu işdə işəgötürənlərlə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Agentliyin sədri digər istiqamətlərdə də işəgötürənlərlə birgə layihələrin icrasından bəhs edərək bildirib ki, hazırda həssas kateqoriyadan olan şəxslərlə əlaqədar yeni layihələr üzərində iş aparılır. M.Abbasbəyli, həmçinin yerlərdə ərazi məşğulluq proqramlarının icra olunduğunu və bu işdə əlaqələndirmə komitələrinin rolunu vurğulayıb. Agentlik qarşıdakı dövrdə də sosial cəhətdən həssas qrupdan olan şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində bütün lazımi tədbirləri bundan sonra da davam etdirəcək.

Çıxış edən işəgötürənlər həssas kateqoriyadan olan şəxslərə hər zaman dəstək nümayiş etdirdiklərini və bundan sonra da birgə işlərin davam etdiriləcəyini bildiriblər.

Vətən müharibəsi şəhidi Səyavuş Kəlbəliyevin həyat yoldaşı Pərvanə Kəlbəliyeva, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Qəndaf Əkbərli, kvota üzrə əmək fəaliyyəti ilə məşğul olan Əli Məmmədov cəmiyyətin və dövlətin həmin kateqoriyadan olanlara diqqətini yüksək qiymətləndiriblər. Onlar bütün işəgötürənlərə sosial müdafiəyə ehtiyacı olan şəxslərə daha çox dəstək göstərməklə əlaqədar çağırış ediblər.

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifasında konsert proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.