İQTİSADİYYAT
Sosial obyektlərin tikintisi və əsaslı təmiri davam etdirilmişdir
Bakı, 14 fevral (AZƏRTAC). Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması ilə bağlı işlər davam etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı məruzəsində demişdir.
Nazir vurğulamışdır ki, regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ötən il Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, Zabrat və Hövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1.440 ailə üçün salınmış məhəllələr istifadəyə verilmişdir.