CƏMİYYƏT


Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu il üzrə elan edilmiş kiçik qrant müsabiqəsində “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası davam edir.

İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların inkişafında valideynlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Birliyin sədri, layihə rəhbəri Ramilə Mahmudova sosial əhəmiyyətli layihənin icrasına maliyyə yardımı ayırdığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, göstərdikləri mənəvi dəstəyə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə təşəkkürünü bildirib.

O, layihənin məqsədinin erkən vaxtlardan etibarən müdaxilə etməklə əlilliyin qarşısının alınması üçün sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına və onların sosial inklüziyasına, eyni zamanda maarifləndirici tədbirlər təşkil etməklə bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının, valideynlərin isə uşaqlarla davranış üzrə məlumatlılığının artırılmasına dəstək göstərməkdən ibarət olduğunu, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-hüquqi müdafiəsi, psixoloji-pedaqoji və sosial reabilitasiyası məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Tədbirə təlimçi kimi dəvət olunmuş Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının müəllimi, psixoloq-loqoped Ləman Rəfiyeva və ailələrlə iş üzrə mütəxəssis Zəhra Xələfova valideynlərin sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verib və uşaqlarda psixoloji problemlərin həlli, stres vəziyyətlərin nəticələrinin aradan qaldırılması, onların şəxsiyyət kimi formalaşması, sosial uyğunlaşma prosesində, eyni zamanda nitq pozulmalarının korreksiyasında mütəxəssislərlə bərabər valideynlərin də mühüm rola malik olduğunu bildiriblər.

Tədbir iştirakçıları Abşeron rayonunda yüksək səviyyədə icra edilən layihəyə əsasən təşkil olunmuş maarifləndirmə tədbirindən və birliyin nəzdində fəaliyyət göstərən “Kompas” Uşaq İnkişaf və Tədris Mərkəzinə cəlb olunmuş uşaqlara göstərilən xidmət səviyyəsindən razı qaldıqlarını ifadə ediblər.

Tədbirdə fəal iştirak edənlərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.