REGİONLAR
Sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya növbəti səfəri təşkil edilib
Naxçıvan, 4 sentyabr, AZƏRTAC
Ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxsin və şəhid ailəsi üzvlərinin muxtar respublikaya səfəri təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, Darıdağ Arsenli Su Müalicəxanasında və Duzdağ Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər.
Səfər müddətində onların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsinə, Əcəmi seyrəngahında təşkil olunmuş Açıq Səma Altında Muzeyə ekskursiyası təşkil edilib. “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksini ziyarət edən qonaqlar üçün Naxçıvan şəhərindəki “Sahil parkı”nda çay süfrəsi də açılıb.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya belə səfərlərin qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulub.