CƏMİYYƏT
Sosial sahibkarlığa başlamaq istəyən gənclər üçün Quba, İsmayıllı, Lerik rayonlarında layihə həyata keçirilir
Bakı, 26 yanvar, AZƏRTAC
“Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsi "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional tərəfdaşlığı ilə sosial sahibkarlığa başlamaq istəyən gənclər üçün Quba, İsmayıllı, Lerik rayonlarında layihə həyata keçirilir.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd 18-29 yaş arası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarını artırmaqdır.
Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər 4 fazaya bölünüb - Ehtiyacların qiymətləndirilməsi məqsədilə onlayn və oflayn qaydada sorğuların keçirilməsi, seçilən gənclərə gender bərabərliyi və qadın hüquqları mövzusunda 4 günlük maarifləndirmə təlimləri keçirilməsi, sosial sahibkarlıq mövzusunda bacarıqların inkişaf etdirilməsi məqsədilə 4 günlük təlim sessiyası təşkili, mentorluq fəaliyyəti və 9 gəncə sosial sahibkarlıq istiqamətində resurs dəstəyinin göstərilməsidir.
Qeydiyyat linki: https://forms.gle/Kc5vkhrHcpkj2BK88
Qatılmaq istəyənlər fevralın 1-dək müraciət edə bilərlər.