CƏMİYYƏT
Sosial şəbəkələrdə tanış olduğu qadınları hədələyərək onlardan pul tələb edən şəxslər saxlanılıb VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən müxtəlif sosial şəbəkələrdə insanların etimadını qazanan və daha sonra tanış olduqları şəxsləri hədələyərək onlardan qanunsuz şəkildə pul tələb edən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən qadın “Instagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – Siyəzən rayon sakini Cavad Ağarəşidov qeyd edilən miqdarda pulu qadından alan zaman saxlanılıb.
Oxşar qanunazidd əməllə üzləşən daha bir xanım tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 10 min manat məbləğində pulunu aldığını və yenidən 2000 manat tələb etməsi ilə bağlı Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
S.İsmayılzadə ifadəsində 2016-cı ilin sentyabrından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.
Faktlarla bağlı Baş İdarənin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qadınlara hədə-qorxu gələrək onlardan pul tələb edən şəxslərin əməllərindən başqa zərərçəkənlər varsa, bu barədə Baş İdarəyə müraciət edə bilərlər. Baş İdarə əhalinin nəzərinə çatdırır ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur. Vətəndaşlara isə sosial şəbəkələrdə tanış olduqları insanlarla ünsiyyət quran zaman diqqətli olmaları və şəxsi məlumatları gizli saxlamaları tövsiyə edilir.