CƏMİYYƏT
Sosial şəbəkələrdə tanış olduqları şəxslərə qarşı quldurluq edən və onların şəxsiyyətlərini alçaldan dəstə üzvləri tutulub VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı noyabrın 26-da polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlıgöl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat məbləğində pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin və 28-ci polis bölməsinin əməkdaşları təxirəsalınmaz əməliyyat tədbiri həyata keçiriblər. Hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər eyni üsulla, yəni, sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxslərin əməllərindən zərərçəkən və hələ də polisə şikayət etməyən vətəndaşlar varsa, bu barədə Yasamal Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.