CƏMİYYƏT


Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlərlə bağlı seminar-müşavirə keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Baş Prokurorluqda “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda seminar-müşavirə keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş prokurorun müavini Elmar Camalovun sədrliyi ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhər, Abşeron rayon icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyalarının, həmin rayonların cinayət təqibindən kənar məsələlər üzrə fəaliyyət göstərən prokuror köməkçiləri iştirak ediblər.

Seminar-müşavirə qarışıq, yəni, birbaşa və videoformat rejimlərində iştirak formatında keçirilib.

Tədbirdə bir illik fəaliyyəti ərzində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aşkarlanmış və araşdırılmış azyaşlı uşaqların hüquqlarının pozulması və müvafiq qanuni tədbirlərin görülməsi təcrübəsi müzakirə edilib.

Həmçinin sosial təhlükədə olan uşaqların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli ekspert qurum olan icra hakimiyyəti nəzdində qəyyumluq və himayəçilik komissiyalarının sədrləri - icra hakimiyyəti başçılarının müavinləri və komissiyanın məsul katibləri görülmüş işlər, habelə prokurorluq orqanları ilə birgə əməkdaşlığın müstəsna rolundan bəhs ediblər.

Seminar-müşavirədə uşaqların həyatına valideyn və kənar şəxslər tərəfindən edilən qəsdlər, onların həyatı və sağlamlıqları üçün təhlükə törədən hallar aşkarlandıqda prokurorluq orqanları tərəfindən əlaqələndirilmiş şəkildə həyata keçirilmiş tədbirlər, o cümlədən sorğuların verilməsi, lazımi sənəd və məlumatların toplanması, ekspertizaların keçirilməsi, analiz və rəylərin alınması proseduru diqqətə çatdırılıb.

Prokurorluq orqanlarının daxili işlər, sosial təminat, səhiyyə və ədliyyə orqanları, xüsusilə də, yerli icra hakimiyyəti orqanları ilə son dövrdə formalaşan əməkdaşlığının, hüquqları pozulmuş uşaqların müdafiəsi məqsədilə vaxtında lazımi tədbirlərin görülməsinin, o cümlədən bu cür hərəkətlərə yol verən valideynlərə qarşı prokurorluq tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması və alimentlərin alınmasına dair mülki iddiaların qaldırılmasının və həmin iddiaların haqlı olaraq məhkəmələr tərəfindən təmin olunmasının əhəmiyyətindən bəhs edən tədbir iştirakçıları bu səpkidə görüşlərin ölkəmizdə uşaq hüquqlarının qorunması, onların məişət zorakılığının qurbanlarına çevrilməsinin qarşısının alınması işində mühüm önəmini vurğulayıblar.

Tədbirin yekununda iştirakçılar qarşılıqlı əməkdaşlığın daimi fəaliyyətdə olan formata salınması ilə bağlı yekdil fikirlərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.