CƏMİYYƏT


Sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin infeksiyadan qorunması üçün ciddi profilaktik işlər aparılır

Bakı, 1 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin koronavirus (COVID-19) infeksiyasından qorunması, onların sağlamlığının etibarlı mühafizəsi üçün ciddi profilaktik işlər aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Heydər Əliyev Fondu digər sosial xidmət müəssisələri kimi, həmin müəssisəni də daim öz himayəsində saxlayır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsini də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edib.

Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı və ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib. Müəssisənin sakinləri tez-tez müayinələrdən keçirilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir.

Burada çalışan işçilərin müəssisədənkənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.

Profilaktik tədbirlərin səmərəsinin yüksəldilməsi məqsədilə müəssisədə sanitar-gigiyenik vəziyyətə də ciddi nəzarət həyata keçirilir.

Qeyd edək ki, sosial xidmət müəssisəsində pensiya yaşına çatmış 235 nəfər daimi dövlət təminatında yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.