SİYASƏT
Şotlandiya parlamentinin üzvləri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıblar
London, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Milli Məclisin deputatı Cavanşir Feyziyev Şotlandiyada səfərdə olublar. Səfər çərçivəsində Şotlandiya regional parlamentinin sədri Ken Makintoş və parlamentdə təmsil olunan siyasi partiyaların aparıcı üzvləri ilə görüş keçirilib.
Görüşlərdə Azərbaycan-Şotlandiya əlaqələri, xüsusilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, Şotlandiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər potensialın olduğu vurğulanıb. Parlamentlərarası əlaqələrin gücləndirilməsi və təmasların artırılması mövzusunda razılıq əldə olunub.
Görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb. Münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının cari vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, münaqişə nəticəsində bir milyondan çox soydaşımız ölkəmizdə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.
Səfir T.Tağızadə Şotlandiya parlamentinin xatirə kitabına ürək sözlərini yazıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London