DÜNYA
Şotlandiyada COVID-19 testləri dronlar vasitəsilə çatdırılacaq
Bakı, 3 iyun, AZƏRTAC
Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan aparatlar vasitəsilə dərman, fərdi qoruyucu vasitələr və COVID-19 testlərinin çatdırılmasının sınaqları haqqında saziş imzalanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, eksperiment çərçivəsində dronlar Böyük Britaniyanın Oban adasında yerləşən “Lorn & Islands” xəstəxanası və Mall adasındakı “Mull & Iona Community” xəstəxanası arasında test və qoruyucu vasitələrin daşınmasını həyata keçirəcək. Adalar arasında məsafə 17 kilometr təşkil edir, marşrutun əksər hissəsi isə su üzərindən keçir.
Məlumata görə, çatdırılma üçün vertikal qalxma və enmə funksiyalı və təyyarə rejimində horizontal uçuş imkanına malik “Wingcopter” dronlarından istifadə ediləcək. Dronun yükqaldırma qabiliyyəti 6 kiloqrama bərabərdir.
İlkin qiymətləndirməyə görə, dronlar sayəsində COVID-19 testlərinin çatdırılmasını sorğu alındıqdan 15 dəqiqə sonra həyata keçirmək mümkün olacaq.