REGİONLAR
Sovet İttifaqının Cəlilabadda tikdiyi gizli yeraltı hərbi baza FOTOREPORTAJ VİDEO
Cəlilabad, 28 yanvar, İlkin Adıyev, AZƏRTAC
Bu əraziyə bələd olmayanlar güman etməzlər ki, üzərində gəzdikləri meşə sahəsinin altında ən güclü raket zərbələrinə davam gətirən tikili var. Bu tikili keçmiş sovet hərbi sistemindən bu günümüzə qədər dağılmadan qalmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunun Ağdaş kəndində təxminən bir hektar ərazidə olan yeraltı tikilinin hələ özündə nə qədər sirlər saxladığını bilmirik. Bələdçilərin köməyi ilə onun yalnız yeraltı ilk mərtəbəsi ilə tanış olmaq mümkündür.
Tarixçi İslam Vəliyev deyib ki, bu obyekt ötən əsrin 60-70-ci illərində tikilib. Yəni, tikinti sovetdən qalma mirasdır. Hərbi tikilinin vaxtı ilə onlarla müxtəlif istiqamətlərdən kamuflyaj edilmiş ağır qapıları olub. Yeraltı tikili demək olar ki, qərargah otaqlarını xatırladır və iç-içə otaqlar haradasa labirint kimi bitir. Buranı gəzdikcə adama elə gəlir ki, əslində yeraltı tikilinin ortalarına doğru otaqlar sonradan qapadılıb. Bəlkə bu divarlardan o biri üzə tikilinin yeraltı digər mərtəbələrinə giriş tapmaq mümkündür.
Tikilinin divarlarının qalınlığı bir metrə qədərdir, elə bu qalınlıqda örtük panellər də diqqəti çəkir. Rabitə kabellərinin hissələrinə də rast gəlinir. Tikilidə oksigeni təmin etmək üçün borular yerin üstünə çıxarılıb.
“Sovet dövründə İran Amerikanın təsiri altında olub. Düşünürəm ki, bizdən bir forpost kimi istifadə üçün bu obyekt tikilib. Bu obyektin gördüyünüz kimi ştabıdır, çünki kabellər qalıb. Çox güman ki, bu kabellər Moskva ilə əlaqə saxlamaq üçün idi. Rabitə dirəkləri ilə xətt gəlirdi. Tikinti gedəndə maraqlanmaq üçün gəlib baxırdıq. Əsgərlər işləyərdi. Mühüm əhəmiyyətli tikili olduğu üçün bizi yaxına buraxmırdılar”, – deyə tarixçi bildirib.
Sosialist ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizə vəziyyətində Sovet İttifaqı İran vasitəsilə ola biləcək təhlükəyə qarşı Cəlilabad rayonunda güclü hərbi bazalar yaradır.
Kənd sakini Tarverdi Xəlilov deyib ki, burada tikilən hərbi bazada uzun müddət iş getdi: “Bura gecələr yük maşınları gələrdi. Maşınların içindəki avadanlıqlar çadırla bükülü olurdu. Nə gətirib-apardıqlarını heç kim bilmirdi. Bazada müxtəlif növ kabellər var, bu xətlər haradan gəlir, onu bilmək olmur. SSRİ-də belə yeraltı baza birinci olmasa da, bəlkə də ikinci idi”.
Hərbi sığınacaq və ya funksiyası hələ də tam bilinməyən tikili də Qərb ölkələrinin təsiri altında olan İran təhlükəsinə qarşı yaradılıb. "Quş quşluğu ilə Sovet sərhədini poza bilməz" ifadəsi də həmin dövrlərdə dilimizə daxil olub. Bura nə qədər güclü qorunsa da, tikilinin sirrini Qərb kəşfiyyatı ələ keçirməyi bacarmışdı.