REGİONLAR


Sovet hərb maşını qanlı qırğınlar törətməklə xalqımızın iradəsini qırmaq istəyirdi, lakin buna nail olmadı

Neftçala, 20 Yanvar, Mahir Babayev, AZƏRTAC

Sovet hərb maşını Bakıda və bölgələrdə qanlı qırğınlar törətməklə azadlıq hərəkatına qalxmış xalqımızın iradəsini qırmaq, onları qorxutmaq istəyirdi, lakin buna nail olmadı.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “20 Yanvar” İctimai Birliyi Neftçala rayon təşkilatının sədri, II qrup əlil Fərman Hüseynov deyib.

O bildirib ki, Bakıdakı dəhşətli qırğınlardan sonra xalqımızı vahiməyə salmaq üçün sovet hərbi maşınları bölgələrə də üz tutdu. Yanvarın 25-də axşam saat 18:00 radələrində hərbi maşınlar və silahlanmış hərbçilər Neftçala şəhərinə girərək küçə və meydanları, yaşayış evlərini, ictimai binaları atəşə tutmağa başladılar. Onlar rayon fəallarının toplaşdığı və 20 Yanvar şəhidlərinə yas verilən yerə gələrək oradakıları zorla maşınlara doldurur, dörd tərəfi güllə yağışına tuturdular. Sonra hərbçilər maşınlara yığdıqları sakinləri Bankə qəsəbəsinə gətirərək buradakı hərbi hissədə onlara ağır işgəncələr veriblər. Əsgərlər o dərəcədə azğınlaşmışdılar ki, güllə yarası alan, qol-qabırğası sınan yaralılara da rəhm etmirdilər. Tutulanlar bir müddət burada saxlanıldıqdan sonra vertolyotlarla Bakı şəhərinə aparılaraq Şüvəlan qəsəbəsindəki həbsxanaya salındılar. Onlara burada bir ay ərzində işgəncə verdikdən sonra azad etdilər. Lakin bununla iş bitmədi. Neftçala şəhərində iki ay ərzində komendant saatı tətbiq olundu. Bu müddət ərzində hərbçilər rayonun qəsəbə və kəndlərini gəzir, insanları döyür, təhqir edir, işgəncə verir və istədiklərini həbs edirdilər.

Yanvar əlili onu da qeyd edib ki, o ağır günlərdə Neftçalada üç nəfər - Əbülfəz Cəfərov, Nurəddin Ağahüseynov və Şəmsəddin Orucov hərbçilər tərəfindən qətlə yetirildi və şəhidlik zirvəsinə ucaldı. On nəfər isə əlil oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.