SİYASƏT
Soydaşımız Səadət Qədirova RF XİN-in mükafatına layiq görülüb VİDEO
Moskva, 18 yanvar, AZƏRTAC
Soydaşımız, TASS agentliyinin xarici siyasət informasiyaları redaksiyasının diplomatik-informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri Səadət Qədirova Rusiya Xarici İşlər Nazirliyinin “Xarici siyasətin avanqardında” nominasiyası üzrə mükafatının laureatı olub.
AZƏRTAC xəbər verir ki, S.Qədirova bu mükafata “YouTube” şəbəkəsində özünün “кadyrova.online” kanalında apardığı “Arzular gerçəkləşir” layihəsi çərçivəsində jurnalist və xeyriyyəçi fəaliyyətinə görə layiq görülüb.
Rusiya paytaxtında Moskva Jurnalistlər İttifaqının təşkilatçılığı ilə Rusiya Mətbuatı Gününə həsr olunmuş təntənəli mükafatlandırma mərasimi keçirilib.
Mükafatı təqdim edən RF XİN-in İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova Səadət Qədirovanın yüksək peşəkarlığını xüsusi olaraq qeyd edib. O deyib: “Öz resursunu təkcə peşəkarlıq nailiyyətləri üçün deyil, həm də insanlara yardım edilməsi və onların xilası üçün istifadə etməyinə görə təşəkkürümü bildirirəm. Bunun üçün sənə sağ ol deyirəm!”
Səadət Qədirova Rusiya XİN-ə onun əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirərək qeyd edib ki, “кadyrova.online” layihəsində uşaqların arzularını yerinə yetirən iyirmidən artıq tanınmış şəxs iştirak edib.
Soydaşımız beynəlxalq mövzularda yazan jurnalist, politoloq, beynəlxalq münasibətlər, geosiyasət və ictimaiyyətlə iş üzrə mütəxəssisdir. O, çoxsaylı məqalələrin və müsahibələrin müəllifi, Rusiya və Beynəlxalq Jurnalistlər ittifaqlarının, RF Dövlət Dumasında millətlərin işi üzrə Komitənin ekspertlər şurasının, RF Xarici İşlər Nazirliyi pulunun üzvü, TASS agentliyinin xarici siyasət informasiyaları redaksiyasının diplomatik-informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəridir.
Onun “Arzular gerçəkləşir” layihəsinin qonaqları arasında Emin Ağalarov, Mixail Qusman, İrina Xakamada, Yusif Eyvazov, Mariya Zaxarova, Əddis Hacıyev, Elçin Əzizov, Qama Məlikova və digər tanınmış şəxsiyyətlər olublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva