Soydaşımız Ukrayna Milli Bankında departament direktoru vəzifəsinə təyin edilib
AzerTAg.az

Kiyev, 12 oktyabr, AZƏRTAC
Açıq müsabiqə seçiminin nəticələrinə görə, soydaşımız Pərvin Dadaşova Ukrayna Milli Bankının Maliyyə sabitliyi departamentinin direktoru vəzifəsinə təyin edilib.
AZƏRTAC bu barədə məlumatı Ukrayna Milli Bankının saytına istinadla yayıb.
Milli Bankın sədr müavini Sergey Nikolayçuk bildirib ki, Pərvin Dadaşova bankda işlədiyi müddətdə maliyyə sabitliyinin təmin edilməsi və qorunması üçün proseslərin əlaqələndirilməsində kifayət qədər təcrübə qazanmaqla yanaşı, həm də onun makroiqtisadi siyasətinin inkişafına əhəmiyyətli töhfə verib.
“Onu bu vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Pərvin Dadaşova Ukrayna Milli Bankında bank maliyyə sabitliyinin təmin edilməsi sahəsindəki inkişafa öz töhfəsini verəcək", - deyə Sergey Nikolayçuk əlavə edib.
Qeyd edək ki, Pərvin Dadaşova 2017-ci ilin yayından Ukrayna Milli Bankında çalışır. 2021-ci ilin sentyabrın 17-dən Maliyyə sabitliyi departamentinin direktoru vəzifəsini icra edirdi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var