CƏMİYYƏT
Soydaşlarımızın Gürcüstanın sosial-iqtisadi, mədəni həyatındakı rolunu artırmaq üçün yeni layihələr hazırlanıb
Tbilisi, 25 iyun, AZƏRTAC
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) soydaşlarımızın Gürcüstanın sosial-iqtisadi, mədəni həyatındakı rolunu artırmaq üçün yeni layihələr hazırlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə GAİM-in yeni icraçı direktoru Orxan Pirverdiyev iyunun 24-də keçirilən təqdimat mərasimində məlumat verib.
Yeni icraçı direktor mərkəz tərəfindən 2019-2020 və cari ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda, bundan sonra görüləcək işlər və gələcək layihələr barədə danışıb.
Bildirib ki, GAİM təkcə Marneulidən olan gənclərin deyil, bütün bölgələrdəki soydaşlarımızın inteqrasiyası üçün mühüm işlər görəcək.
Onun sözlərinə görə, gəncləri gələcəkdə bir sıra yeniliklər və həmçinin inteqrasiya sahəsində önəmli işlər gözləyir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Nəriman Əliyev GAİM tərəfindən görülən işləri yüksək qiymətləndirib.
O, həmçinin yeni layihələrlə bağlı fikirlərini bölüşüb, yeni icraçı direktora və kollektivə uğurlar arzulayıb.
Mərkəzin əvvəlki icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət də çıxış edərək Orxan Pirverdiyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə “SOYDAŞ” İctimai Birliyinin üzvü Şahin Gülməmmədov birlik adından Marneulidə fəaliyyət göstərən yeniyetmələrdən ibarət futbol klubuna futbolçu geyimi, orijinal futbol topu və çempionatda iştirak üçün 500 lari üzvlük haqqı hədiyyə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi