CƏMİYYƏT
Soyğunçuluq törədən şəxs saxlanılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Nəsimi rayonu ərazisində oktyabrın 10-da baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın qadın sakini həmin gün saat 12 radələrində Cavadxan küçəsindəki evin girişində naməlum şəxsin içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Kürdəmir rayon sakini, əvvəllər də oğurluq, mənimsəmə və narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş Şahin Kərimov olduğu müəyyənləşib.
Ş.Kərimovun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Onun oktyabrın 14-nə keçən gecə Nəsimi rayonu ərazisindən Oleq Milkinin “Zontes” markalı motosikletini qaçırdığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.