CƏMİYYƏT
Soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də Bakı şəhər sakini K.Tağıyev Türkan qəsəbəsində mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə Xəzər Rayon Polis İdarəsinə müraciət edib. Məlumatla əlaqədar birinci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Həsənov saxlanılıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səfikürd kəndindəki kafelərin birində rayon sakini E.Əliyevin cibindən 550 manatını və sənədini oğurlamaqda şübhəli bilinən Nadirkənd kənd sakini olan qadın tutulub.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 3-də şəhərdə F.Məmmədovun “Ford” markalı avtomobilindən 350 manat oğurlamaqda şübhəli bilinən rayonun qadın sakini saxlanılıb. Onun oktyabrın 4-də Şirvanlı kəndində Ağdam rayon sakini X.Məmmədovun cibindən 300 manatını oğurlaması da müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrda rayondakı 2 mağazada işləyən iki qadın satıcının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş Vüqar Xəlilov saxlanılıb. Araşdırma zamanı onun borclu şəxs qismində axtarışda olması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.