SİYASƏT
Soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə XX əsr ərzində Azərbaycan xalqına qarşı bir neçə dəfə yönəldilmiş soyqırımı siyasətinin faciəli təzahürlərindən danışıb. Akademik Akif Əilizadə qeyd edib ki, bədnam qonşularımız tərəfindən aparılan soyqırımı siyasəti nəticəsində Azərbaycanın tarixi torpaqları işğal olunub, azərbaycanlı əhali kütləvi surətdə öz dədə-baba yurdlarından deportasiya edilib.
Akademik Akif Əlizadə bildirib ki, Ermənistan bu gün də həmin siyasətin davamı olaraq informasiya müharibəsini genişləndirərək dünya ictimaiyyətini çaşdırmağa çalışır, heç bir reallığa əsaslanmayan “faktlarla” guya ermənilərin soyqırımına məruz qaldıqlarını bütün dünyaya yayır. AMEA-nın prezidenti informasiya müharibəsində Azərbaycan alimlərinin böyük rol oynamalı olduğunu diqqətə çatdıraraq bu gün obyektiv, əsaslı dəlillərə və tarixi sənədlərə istinad edilərək elmi-kütləvi əsərlər yazılmasının, filmlər çəkilməsinin, tərcümə materiallarının hazırlanıb nəşr edilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib.
Akademik bildirib ki, komissiya tərəfindən bütün tarixi zamanlara ətraflı nəzər yetiriləcək, xüsusilə bu gün də çoxlarına qaranlıq qalan Birinci Dünya müharibəsindən sonra Qafqazda baş vermiş hadisələr mütəxəssis nöqteyi-nəzərindən işıqlandırılacaqdır. Bu məqsədlə AMEA-da Qafqazşünaslıq Elmi-Tədqiqat İnstitutunun yaradılmasının vacibliyini diqqətə çatdıran akademiyanın rəhbəri qeyd edilən istiqamətdə arxivlərdə sənədlərlə işləməyin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırımı tədqiqatlarının təşkili məqsədilə yaradılan komissiyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, XX əsr boyu Məmməd Səid Ordubadinin “Qanlı illər” tarixi-publisist romanı və bir neçə bədii əsərlərdəki fraqmentlərdən başqa, demək olar ki, heç bir bədii ədəbiyyat nümunəsində erməni məsələsinin köklü surətdə işıqlandırılmadığını, tarixi əsərlərin tədqiqatlar aparılsa da yetərincə olmadığını bildirib. Keçmiş sovet dönəmində sənədlərin “tam məxfi” qrifi ilə gizli saxlanıldığını, Azərbaycan tədqiqatçıları üçün xüsusi qadağalar qoyulduğunu qeyd edən akademik İsa Həbibbəyli bildirib ki, həmin boşluqdan istifadə edən ermənilər dünyanın müxtəlif ölkələrində uydurma faktlar əsasında özlərini “yazıq millət” kimi qələmə vermiş, zaman-zaman qondarma “Böyük Ermənistan” xülyasını şişirtmişlər.
Ümummilli lider Heydər Əliyevin azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı imzaladığı tarixi Fərman və sərəncamlardan sonra müstəqil Azərbaycanda bu mövzuda olan tədqiqatlar üçün geniş meydan açıldığını qeyd edən akademik İsa Həbibbəyli alim və mütəxəssislərin mövcud imkanlardan daha geniş istifadə etmələrinin vacibliyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, istər bədii, istərsə də elmi əsərlər, o cümlədən təsviri sənət, mədəniyyət, kino sahəsində də erməni məsələsi, millətlərarası münasibətlər problemi diqqətlə işıqlandırılmalı və ictimaiyyətə çatdırılmalıdır. Bu məqsədlə meydana çıxan əsərlərin müxtəlif dillərə tərcümə edilərək dünyaya yayılması istiqamətində də təsirli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırılıb.
Komissiyanın üzvlərindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov, AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, akademiyanın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək komissiyanın işi, fəaliyyət istiqamətləri ilə bağlı fikir və mülahizələrini bildirib, təkliflərini səsləndiriblər.
Tədbirin sonunda soyqırımı tədqiqatları üzrə komissiyanın sədri, akademik Akif Əlizadə və komissiyanın sədr müavini, akademik İsa Həbibbəyli bu qurumun üzvləri olan alim və mütəxəssislər tərəfindən səsləndirilən fikir və mülahizələrə münasibət bildiriblər, təkliflərin nəzərə alınacağını qeyd ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə komissiyanın fəaliyyəti ilə bağlı konkret tapşırıqlar verib, qarşıda duran vəzifələri müəyyənləşdirib.