REGİONLAR


Sözün Məmməd Araz zirvəsi

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Qələminin qüdrəti və sözünün gücü ilə yaddaşlara əbədi yazılan Xalq şairi Məmməd Arazın yaradıcılığı ədəbiyyatımıza böyük töhfələr verib.

Naxçıvan Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə universitetdə keçirilən Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş “Sözün Məmməd Araz zirvəsi” adlı konfransda danışılıb.

Universitetin rektoru, AMEA–nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında vurğulayıb ki, dahi şair ədəbiyyatımızın inkişafı yolunda əvəzsiz xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” və bir sıra digər fəxri adlara layiq görülüb, eyni zamanda, dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunub. 2013–cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin sərəncamına əsasən, şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi yaradılıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Məmməd Araz yaradıcılığında yeni poetik duyum və deyimlər” mövzusunda çıxış edərək, Məmməd Araz yaradıcılığının ədəbiyyat tariximizə verdiyi töhfələrin azərbaycançılıq ideologiyasından qaynaqlandığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova çıxışında “Məmməd Araz yaradıcılığında Vətən” mövzusuna toxunaraq, Məmməd Arazın öz yaradıcılığı boyu çoxlarından fərqli olaraq cərəyan edən tarixi hadisələri xüsusi xronoloji ardıcıllıqla xalqa zamanında poetik dillə çatdırdığını deyib.

Sonda tarix–filologiya fakültəsinin tələbələri dahi şairin şeirlərini səsləndiriblər. Tədbirdə Məmməd Arazın həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.