DÜNYA


“SpaceX” şirkəti Günəş sistemi xaricində planetləri kəşf etmək üçün kosmosa yeni teleskop göndərib

Bakı, 19 aprel, AZƏRTAC

“SpaceX” şirkəti ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı bazasından Günəş sistemi xaricində planetləri kəşf etmək üçün kosmosa “TESS” adlı yeni teleskop göndərib. “Falcon9” raketinin daşıdığı yeni orbital teleskopun əsas məqsədlərindən biri də axtarılacaq planetlərdə canlıların yaşaması ehtimalını öyrənməkdir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, teleskopu hazırlayan şirkət onun 60 gün müddətində elliptik orbitə çatacağını xəbər verib. Ekzotik planetlərin Yer planeti ilə onun peyki Ay arasında ən yüksək orbitdə müşahidəsinə də məhz yaxın iki ay ərzində başlanılacağı bildirilir. Milyarder Elon Muskun maliyyələşdirdiyi və Massaçusets Universiteti mütəxəssislərinin başa çatdırdıqları bu layihə təqribən 340 milyon dollara başa gəlib.

NASA-nın məlumatına görə, bundan əvvəl kosmosa göndərilmiş “Kepler” teleskopu ikiillik missiyası dövründə Yer planetindən 33 işıq ili uzaqda yerləşən ulduzların müşahidəsini aparıb. Hazırkı teleskop isə genişbucaqlı dörd videokamera ilə təchiz olunub və 200 mindən çox ulduzu müşahidə edəcək. Astronomlar bu müşahidələr zamanı minlərlə yeni planeti kəşf etməyin mümkün olacağına ümid bəsləyirlər.

Massaçusets Universitetinin professoru, “TESS” teleskopunun əsas tədqiqatçısı Corc Riker keçirdiyi mətbuat konfransında bildirib ki, yeni müşahidələr nəticəsində tədqiqatçıların ehtimal etdiyindən də çox sayda planet kəşf oluna bilər. Teleskopun Günəşdən daha soyuq və uzunömürlü “Qırmızı cırtdanlar” adlandırılan ulduzlar sistemində yerləşdiriləcəyi və müşahidələri buradan aparacağı açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.