DÜNYA
“SpaceX” təyyarə və gəmiləri internetlə təmin etmək üçün orbitə peyk çıxarıb
Bakı, 16 may, AZƏRTAC
Amerikanın “SpaceX” özəl şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi “Inmarsat-5 F4” telekommunikasiya peykini orbitə buraxıb. O, digər peyklərlə birgə təyyarə və gəmiləri yüksəksürətli internetlə təmin edəcək.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Falcon 9” Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb. Kompaniya 32 dəqiqə sonra peykin orbitə uğurla çıxarıldığını bildirib.
“Inmarsat-5 F4” havada, dənizdə və yerdə yüksəksürətli interneti təmin etmək üçün hazırlanan “Global Xpress” orbital qruplaşmasının 4-cü peyki olacaq. “Boeing” kompaniyası tərəfindən hazırlanan peykin çəkisi 6 tondan çoxdur. O, “Falcon 9” daşıyıcı raketinin orbitə çıxardığı ən böyük yükdür. Bu səbəbdən kompaniya daşıyıcının ilk pilləsini Yerə qaytarmamağı qərara alıb. Ağır yükü orbitə çıxarmaq üçün xeyli enerji sərf olunur və raketin yerə qayıtması üçün manevr etməsinə yanacaq qalmır.
2017-ci ilin fevralında İlon Maska məxsus “SpaceX” kompaniyası kosmik yük gəmisini uğurla orbitə çıxardıqdan sonra daşıyıcı raketin birinci pilləsini Yerə qaytarmağa nail olmuşdu. Bir ay sonra “SpaceX” tarixdə ilk dəfə olaraq daşıyıcı raketi yenidən kosmosa yollamışdı.