İDMAN


Şpaqaçımız Ruslan Həsənov V İslam Həmrəyliyi Oyunlarının yarımfinalına çıxıb

Konya, 15 avqust, Səxavət Quliyev, AZƏRTAC

Bu gün Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin şəxsi yarışında qaliblər müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Barat Quliyev (4 qələbə) qrup mərhələsini uğurla adlasa da, pley-offda Fələstin təmsilçisi Abdulla Əlhəmmədiyə 14:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsini uğurla başa vuran Kənan Əliyev (3 qələbə) isə ilk pley-off görüşündə Səudiyyə Ərəbistanı şpaqaçısı Əhməd Əlhüseyni 15:7 hesabı ilə məğlub edib. Kənan ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Qırğızıstan qılıncoynadanı Roman Petrova 12:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsini uğurla başa vuran Ruslan Həsənov (4 qələbə) ilk pley-off görüşündə Türkiyə təmsilçisi Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib. 1/8 finalda Cavad Əldavudu (Səudiyyə Ərəbistanı) 15:8 hesabı ilə mübarizədən kənarlaşdıran Ruslan ən güclü 8-liyə yüksəlib. Ruslan Həsənov yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İordaniya təmsilçisi İyad Odehlə qarşılaşıb. Rəqibini 15:11 hesabı ilə məğlub edən Ruslan yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Həsənov 1/2 finalda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Oyunlar avqustun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.