İDMAN
Spiros Kapralos: Avropa Oyunlarının tarixi Bakıda başlayıb VİDEO

Bakı, 8 iyun, AZƏRTAC
Avropa Oyunlarının tarixi Bakıda başlayıb. Məhz burada Avropa Oyunlarının məşəli yandırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos iyunun 8-də Bakıda jurnalistlərə müsahibəsində deyib.
Spiros Kapralos bildirib ki, Azərbaycan gələcəkdə də bu yarışın təşkili ilə bağlı namizədliyini irəli sürə bilər. Ölkədə bunun üçün çox güclü infrastruktur var: “Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, arena, azarkeşlər mükəmməl idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməkdə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışı yüksək səviyyədə təşkil etmək işinin öhdəsindən gələ bilər”.
Üçüncü Avropa Oyunlarının proqramında dəyişiklik edilsə də, strategiyasının dəyişməz qaldığını bildirən S.Kapralos 3x3 basketbol və karatenin Bakıda keçirilən Avropa Oyunlarının proqramına daxil edildiyini xatırladaraq deyib: “Hər iki növ sonradan Olimpiadanın bir hissəsi oldu. Buna görə də Avropa Oyunları idmanın bir çox növlərinin özünü yeni səviyyədə ifadə etməsi üçün bir şansdır. Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında bir sıra idman növləri üzrə lisenziyalar, digərlərində reytinq xalları qazanılacaq. Bu da Paris Olimpiadası ərəfəsində iştirakçılar üçün əlavə stimul olacaq”.
Dördüncü Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ də müəyyənləşmədiyini açıqlayan S.Kapralos bildirib ki, bu məsələ gündəmdə qalmaqda davam edir. “Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı Oyunlara ev sahibliyi edəcək ölkələr ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar”, - deyə Avropa Olimpiya Komitələrinin prezidenti diqqətə çatdırıb.