CƏMİYYƏT
Spirtli içkilər və siqaretlərin ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlər və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi “Ford Transit 330”, “VAZ-21099” markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən hərəsindən 6 ədəd olmaqla üzərində “Çarskaya Zolotaya” və “Russkiy Standart” yazılan 1 litrlik, “Novaya Vodka” yazılan 6 ədəd 700 millilitrlik, “Qomel Veçernıy” yazılan 3 ədəd 700 millilitrlik, hərəsindən 1 ədəd olmaqla üzərində “Çar Vodka” və “Çarskaya Vodka” yazılan 1 litrlik, həmçinin “Baileys Original” yazılan 4 ədəd 1 litrlik spirtli içki, üzərində “Qilzı popirosı” yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtri və “Marlboro Filter Plus” markalı 2000 ədəd siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.