İDMAN


“Sportinq” klubu “Atletiko Madrid”dən 100 milyon avro tələb edir

Bakı, 28 iyul, AZƏRTAC

Portuqaliyanın “Sportinq” klubu “Atletiko Madrid” komandasından Jelson Martinş üçün 100 milyon avro tələb edir.

AZƏRTAC xəbər verir ki, “Sportinq” klubunun yarımmüdafiəçisi Jelson Martinş Lissabon klubu ilə müqaviləyə birtərəfli xitam verib. Buna səbəb isə “Sportinq” klubunun oyunçuları komandanın bazasında məşq edən zaman bir qrup azarkeş tərəfindən döyülmələri olub.

Martinş Madrid klubu ilə azad agent kimi müqavilə imzalayıb. Bu hərəkət “Sportinq” klubunun rəhbərliyinin xoşuna gəlməyib. “Sportinq” klubunun prezidenti Artur Torres oyunçunun bu addımını qanunsuz hesab etdiyi üçün FIFA-ya şikayət məktubu ünvanlayıb.

“Atletiko” klubunun davranışı qəbuledilməzdir. Biz futbolçunun qanunsuz yolla klubdan ayrıldığına və Madrid klubu ilə müqavilə imzaladığına görə, 100 milyon avro təzminat ödəməsini tələb edirik. Biz futbolçunun və İspaniya klubunun cəzalanmasını istəyirik”, – deyə Artur Torres bildirib.

Xatırladaq ki, Çempionlar Liqasına vəsiqə qazanmaq imkanını əldən verən “Sportinq” ikinci yer uğrunda mübarizə aparan “Maritimo”ya uduzaraq (1:2) UEFA Avropa Liqasına düşmüşdü. Bundan qəzəblənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşa xəsarət yetirmişdi. Azarkeşlərin hücumundan ən çox komandanın lideri Bas Dost xəsarət almışdı.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.