CƏMİYYƏT


“Sputnik” Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verib

Bakı, 17 sentyabr, AZƏRTAC 

“Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və radiosu Bakıda Azərbaycanın KİV nümayəndələri üçün “SputnikPro” layihəsinin növbəti moduluna start verib.

AZƏRTAC xəbər verir ki, onlayn və çap mətbuatının jurnalistləri ilə görüşdə rusiyalı media-menecer, internet-texnoloq, “Rossiya seqodnya” agentliyinin dövlət internet layihələri müdirliyinin direktor müavini İrina Kedrovskaya iştirak edib.

“Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilən “SputnikPro” layihəsinin növbəti görüşü “KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr” mövzusuna həsr olunub. Dinləyicilər məkan və zaman səddini aşmağa, mövcudluq effekti yaratmağa imkan verən rəqəmsallaşma və multimedianın imkanları ilə tanış olublar.

İrina Kedrovskaya irimiqyaslı internet portalların timsalında konkret nümunələri jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, rusiyalı jurnalistlərin Azərbaycandan olan həmkarları ilə oxşarlıqları çoxdur, peşəkar problemləri də ümumidir. “Mən ikinci dəfədir ki, Bakıdayam. Böyük təəssürat almışam. Bir tərəfdən səmimi peşəkar qəbul iki il bundan əvvəlki kimi eynidir, digər tərəfdən isə auditoriya qismən dəyişib, çünki başqa vəziyyət yaranıb. Bir çox çap KİV-ləri onlayn-rejimə keçiblər. Ona görə indi bizim gələcəkdə necə inkişaf edəcəyimiz, hansı forma və formatlardan istifadə etməyimiz barədə danışmağımız mühümdür. Bizim çox canlı söhbətimiz alındı”, - deyə İ.Kedrovskaya bildirib.

Qeyd edək ki, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və radiosunun “SputnikPro” layihəsi jurnalistlər, bu sahəyə uyğun ali məktəblərin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və mediamühitin digər mütəxəssisləri üçün nəzərdə tutulub, habelə onların xarici həmkarları ilə təcrübə mübadiləsinə, mediakommunikasiyaların və peşəkar əlaqələrinin inkişafına istiqamətlənib. Müxtəlif formatlarda mövcudluğu dövründə layihədə 80-dən çox ölkənin nümayəndələri iştirak ediblər. Əyani aparılan “SputnikPro” ustad dərsləri Belarus, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və digər ölkələrdə keçirilib. Azərbaycanda “SputnikPro” yeddinci dəfədir ki, təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.