DÜNYA


Şri-Lanka polisi yeddi terrorçunu həbs edib

Bakı, 8 may, AZƏRTAC

Şri-Lanka polisi “Camaat ət-Tövhid əl-Vətəniyyə” qruplaşmasının kamikadze olmağa hazırlaşan yeddi üzvünü həbs edib.

AZƏRTAC “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, həbs edilənlər Şri-Lankada törədilən silsilə partlayışların təşkilatçısı ilə sıx əlaqədə olublar və ölkənin cənubundakı Hambantota şəhərində hazırlıq keçiblər. Hazırda polis terror aktı ilə əlaqələrini aydınlaşdırmaq üçün onları dindirir.

Xatırladaq ki, aprelin 21-də Pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250 nəfərə yaxın insan ölüb, 500-dən çox insan isə yaralanıb. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib. Sonrakı günlərdə Kolombo şəhərində minalanmış yük maşını, Katana şəhərində isə restoranlardan birində çantaya yerləşdirilmiş partlayıcı qurğu aşkarlanaraq zərərsizləşdirilib.

Hakimiyyət orqanları hesab edirlər ki, terror aktlarının arxasında “Tövhid camaatı” qruplaşması dayanır. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı heç bir sübut təqdim etməyib. Hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda ada dövlətinin ərazisində İŞİD qruplaşmasının 130-140 üzvü fəaliyyət göstərir.

Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən 100-dən çox insanı saxlayıb. Təhqiqatın versiyasına görə, hücumda 9 kamikadze iştirak edib, onların hamısının şəxsiyyəti müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.