DÜNYA
Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 200-ü ötüb VİDEO
Bakı, 31 may, AZƏRTAC
Şri-Lankada güclü daşqınlar nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb, 96 nəfər isə itkin düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fövqəladə hallarla mübarizə mərkəzinin son məlumatına əsasən, mayın 31-i səhər saatlarınadək 202 nəfərin ölüm faktı təsdiqlənib.
Şri-Lankanın müxtəlif rayonlarında baş verən daşqınlara mayın 26-dan başlayan leysan yağışları səbəb olub. Ölkənin 15 dairəsində 600 min nəfərə qədər insan daşqınlar və sürüşmələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb, 1,3 min ev dağılıb, 7 mindən çox ev isə zədələnib.
Şri-Lanka təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına kömək göstərmələri üçün BMT-yə və Cənubi Asiya ölkələrinə müraciət edib. Çin bu ölkəyə 2 milyon dollar həcmində humanitar yardım göndərəcəyini bildirib.