DÜNYA


Şri-Lankada ilin əvvəlindən bəri yanacaq növbələrində 13 nəfər ölüb

Bakı, 6 iyul, AZƏRTAC

İqtisadi böhran fonunda ciddi yanacaq qıtlığı ilə üzləşən Şri-Lankada ilin əvvəlindən bu yana yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələrdə azı 13 nəfər ölüb.

AZƏRTAC “The Daily Mirror” qəzetinə istinadla xəbər verir ki, sonuncu belə hadisə Borella şəhərindəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb. İyulun 5-də orada 60 yaşlı kişi həyatını itirib. Həkimlərin sözlərinə görə, isti havada növbələrdə dayanan insanların ölümünə xroniki xəstəliklərin kəskinləşməsi və orqanizmdə su çatışmazlığı səbəb olur.

Şri-Lankanın hakimiyyət orqanları benzin və dizel yanacağının qıtlığını nəzərə alaraq ilk növbədə təcili xidmət maşınlarının yanacaqla təmin edilməsi barədə göstəriş verib. Şəxsi avtomobil sahibləri isə yanacaq çənlərini doldurmaq ümidi ilə yanacaqdoldurma məntəqələrinə axışır və saatlarla növbə gözləyirlər.

İyulun 5-də maşinistlər yanacaq qıtlığına görə ictimai nəqliyyatın işləməməsi səbəbindən iş yerinə gedə bilmədiyi üçün 140 sərnişin qatarı reysə çıxa bilməyib. Ada dövlətin ərazisində yanacağa qənaət etmək üçün dörd günlük iş həftəsi tətbiq edilib, bəzi dövlət qulluqçuları distant iş rejiminə keçirilib, məktəblər iyulun 10-dək bağlanıb.

İyulun 3-də Şri-Lankanın energetika naziri Kançana Vicesekera ölkədə dizel yanacağı və benzin ehtiyatlarının müvafiq olaraq 12 min 774 tona və 4 min 61 tona endiyini elan edib. Onun sözlərinə görə, adaya növbəti yanacaq tədarükü iyulun 22-dən tez baş tutmayacaq. İdxal olunacaq yanacaq üçün təxminən 587 milyon dollar ödənməlidir, lakin ölkənin valyuta ehtiyatları hazırda 50 milyon dollardan da azdır.

Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Ada dövlətin 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.