DÜNYA
Şri-Lankada on ayda 55 mindən çox insan denge qızdırmasına yoluxub
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu ilin on ayında Şri-Lankada 55,9 min nəfər denge qızdırmasına yoluxub, həmçinin virus səbəbindən 74 nəfər həyatını itirib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yoluxanların əksəriyyəti paytaxt Kolombo dairəsinin sakinləridir – təxminən 11,8 min nəfər. Mütəxəssislərin sözlərinə görə, ölkənin beş dairəsində denge virusuna yoluxma riski çox yüksəkdir. Bunlar Kolombo, Hampaha, Kalutara, Halle və Ratnapura dairələridir.
2018-ci ildə ölkədə 48 min nəfər denge virusuna yoluxmuş, bu xəstəlikdən 58 ölüm halı qeydə alınmışdı.
Əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil.